Yanvarın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

"Unikal" xəbər verir ki, Qazax Gənclər Evində keçirilən yığıncaqda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Elvin Azadəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək dahi şəxsiyyətin abidəsini ziyarət edib, abidə önünüə gül dəstləri düzərək əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olub, kitab sərgisinə baxış keçiriblər. Daha sonra Qazax Gənclər Evinin foyesində kitab və rəsm sərgisinə baxış keçirilib.

Hesabat yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov geniş hesabat məruzəsi ilə çıxış edib, iştirakçıları və qonaqları salamlayıb, yeni qədəm qoyduğumuz 2026-cı ilin xalqımız üçün düşərli bir olmasını qeyd edərək səmimi ürək sözlərini bölüşüb. İcra başçısı bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası, Respublika Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. 

Rayonun iqtisadi göstəriciləri ilə yanaşı həyata keçirilən abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılması istiqamətində mühüm işlər görüldüyünü, xidmət sahələrinin göstərdiyi xidmətlərin yüksək səviyyədə olması üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb. İcra başçısı təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində qazanılmış uğurlardan, nailiyyətlərdən söz açaraq 2026-cı ilin də düşərli bir il olmasını diləyib.

Hesabat yığıncağında Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, hesabat yığıncağının əhəmiyyətindən söz açıblar. Sonra rəhbərlik etdikləri təşkilatlar üzrə 2025-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər. 

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya, eyni zamanda həyata keçirilən layihələrə görə minnətdarlığını bildirib.

Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş polkovnik-leytenant İsgəndər Mustafayev çıxış edərək öz növbəsində şəhid ailələrinə, qazilərə, onların ailələrinə göstərilən qayğıya görə razılığını ifadə edib. 

Yığıncaqda iştirak edən sahibkarlardan Ramiz Qasımov və Vüqar Kərimov çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə azad sahibkarlığın inkişafına daim diqqət göstərdiyini qeyd ediblər. 

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Elvin Azadəliyev çıxış edərək yığıncaq iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. E.Azadəliyev memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin özünün şərəfli, əlamətdar günlərini, dövrlərini yaşadığını, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əlyevin uzaqgörən, düşünülmüş siyasəti sayəsində gündən-günə inkişaf etdiyini söyləyib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Hesabat yığıncağının Qərar layihəsi oxunduqdan və qəbul edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.