Ukraynada enerji böhranı fonunda Ali Radada Denis Şmıqalın energetika naziri təyin olunması ilə bağlı səsvermə nəticəsiz qalıb. Şmıqal kifayət qədər səs toplaya bilməyib. Bu barədə yanvarın 13-də Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.
"Unikal" xəbər verir ki, Jeleznyak “Telegram” kanalında Ali Radada keçirilmiş səsvermənin nəticələrini əks etdirən foto paylaşıb. Məlumata görə, təyinatın lehinə zəruri olan 226 səs əvəzinə yalnız 210 deputat səs verib. Maraqlıdır ki, səsvermədə hakim “Xalqın xidmətçisi” partiyasından Şmıqalın təyinatını cəmi 153 deputat dəstəkləyib.
Bununla yanaşı, Şmıqalla bağlı səsvermənin uğursuzluğundan sonra Ali Radada Ukraynanın keçmiş rəqəmsal transformasiya naziri Mixail Fyodorovun müdafiə naziri təyin olunmasının müzakirəsinə keçmək üçün də kifayət qədər səs toplanmayıb.
Yaroslav Jeleznyakın sözlərinə görə, Ukrayna parlamenti bu kadr dəyişiklikləri ilə bağlı səsverməni yanvarın 14-də yenidən keçirməyə cəhd göstərəcək.
