Mayın 7-də Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro Week” sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “III Beynəlxalq Aqrar İnnovasiya Forumu” baş tutub.

"Unikal" xəbər verir ki, forumun əsas məqsədi kənd təsərrüfatında innovasiyaların tətbiqinin genişləndirilməsi, rəqəmsal həllərin təşviqi, elmi tədqiqatların praktikaya inteqrasiyası, eləcə də aqrar ekosistemin bütün iştirakçıları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi olub.

Tədbir aqrar sahədə innovativ yanaşmaların tətbiqi, rəqəmsal transformasiya, süni zəka texnologiyalarının inkişafı və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm müzakirə platforması kimi iştirakçıları bir araya gətirib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək aqrar sahədə innovasiyaların, rəqəmsallaşmanın və müasir texnologiyaların tətbiqinin kənd təsərrüfatının dayanıqlı inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Forum çərçivəsində keçirilən panel müzakirələrində aqrar sahədə rəqəmsallaşma, süni zəka texnologiyalarının tətbiqi, eləcə də regionlarda aqrar inkişafın artırılması məqsədilə dövlət, özəl sektor, peşə və ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Aqrar sahədə rəqəmsallaşma və süni zəka” mövzusunda keçirilən panel müzakirəsində aqrar sahədə rəqəmsal transformasiya, süni zəka texnologiyalarının tətbiqi, qida təhlükəsizliyi, ekoloji davamlılıq, su ehtiyatlarının idarə olunması və enerji səmərəliliyi istiqamətində innovativ həllər müzakirə olunub. Panel “Aqrar sahədə süni zəka” layihəsinin rəhbəri Surxay Novruzovun moderatorluğu ilə keçirilib. Müzakirələrdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, energetika nazirinin müavini Samir Vəliyev, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramlı iştirak ediblər.

Forum çərçivəsində keçirilən ikinci panel müzakirə “Regionlarda aqrar inkişafın artırılması istiqamətində dövlət, özəl sektor, peşə və ali məktəblər arasında əməkdaşlıq imkanları” mövzusuna həsr olunub.

Panel müzakirəsi Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərovun moderatorluğu ilə baş tutub. Müzakirələrdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, kənd təsərrüfatı nazirinin müşaviri Nicat Əsədov, eləcə də “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov spiker qismində iştirak ediblər.

Panel zamanı regionlarda aqrar inkişafın sürətləndirilməsində dövlət qurumları, özəl sektor, peşə təhsili müəssisələri və ali məktəblər arasında əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, birgə təşəbbüslərin genişləndirilməsi və innovativ yanaşmaların tətbiqinin vacibliyi vurğulanıb.