Mayın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulması, onları narahat edən şəxsi və ümumi məsələlərin həllinə köməklik göstərilməsindən ötrü növbəti səyyar görüş-qəbulunu Bəliton kənd inzibati ərazi dairəsində keçirib.

"Unikal" xəbər verir ki, görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. 

Taleh Qaraşov ucqar dağ kəndlərindən olan Bəliton, Horavenc və Şivlikdə yerli insanların qayğı və problemlərini xüsusi diqqət və qayğı ilə dinləyib. Birbaşa və açıq dialoq mühitində baş tutan görüşdə icra başçısı bildirib ki, məmurların ərazilərə gəlməsi, insanları dinləməsi və onların qaldırdıqları məsələlərin həllinə nail olunması bu gün xüsusi diqqət mərkəzindədir. Vətəndaşların müraciətlərinə baxılması, sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Taleh Qaraşov görüş-qəbulda sakinlər tərəfindən səsləndirilən bütün məsələlərin şəxsən nəzarətində olduğunu və onların həlli ilə bağlı qanunamüvafiq müddətdə və qaydada onlara cavab veriləcəyini qeyd edib.

Bəliton, Horavenc və Şivlik kəndlərinin sakinləri səmimi qəbula görə icra başçısına təşəkkür ediblər. Yerli insanlar Lənkəranda vətəndaş məmnunluğunun, sosial-iqtisadi inkişafın təmin olunması, abadlıq-quruculuq işlərinin aparılması, rayonun iqtisadi və sosial həyatındakı müsbət dəyişikliklərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.