Vətəndaşlara yalan vəd verərək xaricə işləmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən İlknur Abbasovun cinayət işi üzrə məhkəməsində zərərçəkmişlər dindirilib. 

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vahid Əzimov bildirib ki, təqsirləndirilən şəxslə İnstaqram vasitəsilə tanış olublar:

"Dedi səni skandinaviya ölkələrinə göndərə bilərəm. Mənim də dostum Latviyada olduğu üçün elə o ölkəni seçdim. Ona bir hissəsi nağd digəri isə kartına atmaqla ümumilikdə 2500 manat verdim. Mənə vəd verdi ki, gedəcəyin ölkədə maaşın 1200 avro olacaq. Şikayətçiyəm pulumu tələb edirəm". 

Zərərçəkmiş Rizvan Rüstəmov bildirib ki, təqsirləndirilən şəxslə taksidə tanış olub:

"Taksi fəaliyyəti ilə məşğulam. İnternet üzərindən Polşada iş elanını görmüşdüm Lakin sənədləşmə işində gecikmə oldu deyə gedə bilmədim. Mənim maşınımda olanda xarici ölkəyə işləməyə getmək istədiyimi dedim. Dedi ki, səni Slovakiyaya göndərə bilərəm. Uşağım yaşca balaca olduğundan həyat yoldaşımla birgə gedəcəkdim. Ümumilikdə 3700 manat pul vermişəm 1 manat da geri qaytarmayıb". 

Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib.

İlknur Abbasova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu