Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova Özbəkistanın Səmərqənd Dövlət Texniki Universitetindən təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfər edən 14 nəfərlik professor-müəllim heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdə AzMİU-nun nümayəndə heyəti də iştirak edib. Tərəflər iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat fəaliyyətinin təşkili, müəllim mübadiləsi və tədris sahəsində qabaqcıl təcrübələrin paylaşılması imkanlarını müzakirə ediblər.
Qonaqları salamlayan rektor, professor Gülçöhrə Məmmədova Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin elm və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün də əlverişli imkanlar yaratdığını bildirib. Rektor son illər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin, akademik mübadilə proqramlarının və birgə təşəbbüslərin bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Rektor AzMİU-nun beynəlxalq əməkdaşlıq strategiyasında xarici universitetlərlə akademik əlaqələrin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb. O, universitetin memarlıq, inşaat mühəndisliyi, şəhərsalma və dizayn sahələrində formalaşmış elmi-pedaqoji potensialından, beynəlxalq tərəfdaşlıq əlaqələrindən və tədrisin müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Professor Gülçöhrə Məmmədova qeyd edib ki, professor-müəllim heyətinin qarşılıqlı mübadiləsi yalnız peşəkar bilik və bacarıqların artırılması baxımından deyil, həm də universitetlər arasında uzunmüddətli elmi və akademik əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Bu cür proqramlar müxtəlif tədris metodlarının öyrənilməsinə, yeni elmi yanaşmaların mənimsənilməsinə və gələcək birgə layihələr üçün əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yaradır.
Səmərqənd Dövlət Texniki Universitetinin nümayəndələri səmimi qəbula və yaradılan şəraitə görə təşəkkürlərini bildirərək AzMİU-da təcrübə keçmək imkanını yüksək qiymətləndiriblər. Onlar səfər müddətində universitetin tədris prosesi, elmi-tədqiqat fəaliyyəti, müasir tədris metodları və müvafiq ixtisaslar üzrə tətbiq edilən yanaşmalarla yaxından tanış olmaqda maraqlı olduqlarını ifadə ediblər.
Görüşdə universitetlər arasında professor-müəllim mübadiləsinin davam etdirilməsi, ortaq elmi araşdırmaların aparılması, beynəlxalq konfrans və seminarlarda birgə iştirak, eləcə də memarlıq və şəhərsalma sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Səmərqənd Dövlət Texniki Universitetinin 14 nəfərdən ibarət professor-müəllim heyəti oktyabrın 15-dən noyabrın 2-dək AzMİU-da təcrübə keçəcək. Proqram çərçivəsində qonaqlar universitetin Landşaft memarlığı, Memarlığın əsasları, Memarlıq layihələndirilməsi və şəhərsalma, Mühit dizaynı, həmçinin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedralarında fəaliyyət göstərəcəklər.
Təcrübə proqramı iştirakçılara müvafiq kafedraların elmi-pedaqoji fəaliyyəti ilə tanış olmaq, tədrisin təşkili və ixtisas fənlərinin tədrisi üzrə təcrübə mübadiləsi aparmaq, həmçinin azərbaycanlı həmkarları ilə peşəkar əlaqələr qurmaq imkanı yaradacaq.
Görüş qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrlə yekunlaşıb.










































