Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb.

"Unikal" xəbər verir ki, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki, tədris prosesi yaxşı keçsə də, insident onları narahat edib.

“Videonun bu şəkildə yayılması və oğlumun da həmin görüntülərdə yer almasına görə açıqlama istəyirik. Biz hamımız uşaqlarımızı bağçadan çıxara bilərik, amma bağça tapmağın özü də problemdir və çətin məsələdir. Buraya ödəniş də etmişik. İstəmərik ki, bağça bağlansın, amma müəllimlər dəyişdirilsə, daha yaxşı olar” deyə, Ə.Nağıyeva qeyd edib.

Bağçanın əməkdaşı Məleykə Kərimova isə deyib ki, sosial şəbəkədə yayılmış xoşagəlməz hal ilə bağlı tədbir görülüb:

“Məsul şəxs işdən azad edilib və polis tərəfindən məsələ araşdırılır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə ilə əlaqədar sözügedən bağçanın əməkdaşı polis idarəsinə dəvət edilərək onunla profilaktik söhbət aparılıb.