Azərbaycan elm ictimaiyyətinə ağır itki üz verib.
"Unikal" xəbər verir ki, görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Aslan oğlu Quliyev vəfat edib.
Tərlan Quliyev Azərbaycan ədəbiyyatşünaslığının inkişafına mühüm töhfələr verib, klassik ədəbiyyatımızın, əruz vəzninin, qafiyəşünaslığın və mətnşünaslığın tədqiqində özünəməxsus xidmətləri ilə seçilib. O, uzun illər ərzində apardığı elmi araşdırmalar, fundamental əsərləri və pedaqoji fəaliyyəti ilə milli filologiya elminin zənginləşməsinə töhfə verib.
1962-ci il oktyabrın 6-da Bakıda anadan olan Tərlan Quliyev 1984-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, elmi fəaliyyətini Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsinin, klassik poeziyanın poetik xüsusiyyətlərinin araşdırılmasına həsr edib. Müxtəlif illərdə AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb, elmi və pedaqoji fəaliyyəti ilə tanınıb.
Alimin elmi yaradıcılığında əruz vəzninin tarixi və nəzəri məsələlərinin tədqiqi xüsusi yer tutur. Onun bu sahədəki araşdırmaları Azərbaycan əruzşünaslıq ənənələrinin davam etdirilməsi və inkişafı baxımından əhəmiyyətlidir. Tərlan Quliyev, eyni zamanda, “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsinin müasir Azərbaycan əlifbasına çevrilərək nəşr olunması ilə mətnşünaslıq sahəsində də mühüm işlər görüb.
Çoxsaylı elmi əsərlərin, monoqrafiyaların və məqalələrin müəllifi olan professor Tərlan Quliyev klassik ədəbi irsimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz xidmətlər göstərib.











.jpeg)

























.jpeg)







