“Azərbaycan və Türkiyə ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında bir-birinə bağlı olan dost və qardaş ölkələrdir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib”.

"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır.

Deputat bildirib ki, hazırda dünyada, o cümlədən regionumuzda mürəkkəb proseslər davam edir. Yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycan xarici siyasət kursunda dost və müttəfiq ölkələrlə əlaqələri daha da gücləndirməkdədir. Təbii ki, bu sırada qardaş və strateji müttəfiq olan Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Lakin müəyyən qüvvələr iki qardaş ölkənin münasibətlərinə zərbə vurmağa çalışırlar. Bir müddət öncə BMT Baş Assambleyasında hadisələrlə bağlı Türkiyənin sosial mediasında Azərbaycan hədəfə alınmışdı. İndi isə Azərbaycan hökuməti tərəfindən ümumtəhsil məktəblərində təhsilalan və təhsilverənlər üçün vahid geyim qaydasının tətbiqi ilə əlaqədar kampaniya başlanıb. Təəssüf doğuran haldır ki, bu dəfə təkcə sosial şəbəkə istifadəçiləri deyil, rəsmi şəxslər və millət vəkilləri də prosesə qoşulublar.   Belə ki, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı xoş olmayan fikirlər səsləndirilib.

“Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) da öz münasibətini bəyan edib. Qeyd olunduğu kimi, Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlamalar verilməsi təəssüf doğurur. Belə açıqlamalar Azərbaycan – Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər” – deyən millət vəkili əlavə edib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir və bu siyasət bərabərhüquqlu əməkdaşlığa, beynəlxalq hüquqa, ədalətə və digər bəşəri dəyərlərə əsaslanır.

“Unutmayaq ki, iki qardaş ölkənin münasibətlərinin gərginləşməsi yalnız türk dünyasının güclənməsini istəməyən qüvvələrin maraqlarına cavab verir. Türkiyədəki dairələr həmin qüvvələrin əlinə fürsət verməməli, Azərbaycana qarşı əsassız iddialara son qoymalıdırlar” – deyə deputat vurğulayıb.