""Card to card"la bağlı əsas problemlərdən biri vergidən yayınmaların çoxalmasıdır. Bəzi hallarda xidmət və ictimai iaşə sektorunda çalışan sahibkarlar vəsaiti kassa vasitəsilə deyil, "card to card"la almağa üstünlük verirlər".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ona gətirib çıxarır ki, iqtisadi dövriyyəyə daxil olmalı vəsait və eyni zamanda vergiyə cəlb olunmalı vəsait vergidən yayındırılır:

"Bu addım vergidən yayınma hallarının artmasına, eyni zamanda sahibkarlar arasında rəqabətin pozulmasına gətirib çıxarır. Ona görə ki, vergi ödəyən sahibkarın bəlli xərci var. Amma vergidən yayınan sahibkar həmin xərci ödəmədiyi üçün rəqabət pozulur. Rəqabətin qorunması və gücləndirilməsi baxımından "card to card" əməliyyatlarına nəzarətin gücləndirilməsinə ehtiyac var. Söhbət vətəndaşın digər karta ödənişindən getmir. Vətəndaş yaxınına, qohumuna, dost və tanışına kartı vasitəsilə vəsait göndərə bilər. Əgər vergidən yayınmaya gətirib çıxarmırsa, burada hər hansı tənzimləmələrə və qaydalara ehtiyac yoxdur. Məqsəd vergidən yayınmanın qarşısını almaqdır. Gözlənilir ki, bu, sahibkarların "card to card" istifadə edərək vergidən yayınma hallarının azalmasına gətirib çıxara bilər".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ötən gün keçirdiyi mətbuat konfransında "card to card" dövriyyəsinin inanılmaz dərəcədə böyük olduğunu söyləyib.

Anar Kəlbiyev