Bakıda çimərlikdə qətl törətməkdə təqsirləndirilən Mətləb Süleymanlı, Tural Abbasov, Rövşən Abbasov, Samir Abbasov və Dəyanət Məhərrəmovun cinayət işinin məhkəməsinin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə işini davam etdirib.
Hadisə baş verən gün həmin ərazidə təqsirləndirilənlərdən biri Samir Abbasovla birlikdə olan L.A ifadəsi zamanı vurğulayıb ki, o həmin gün Samir Abbasovla mübahisə edib və əlindəki çanta ilə Samirə zərbə endirib.
Şahid ona verilən suallara cavab olaraq vurğulayıb ki, onun bu hərəkətindən sonra Samir Abbasov ona hər hansı bir qarşılıq göstərməyib. Şahidin ifadəsini qeyri-səmimi qiymətləndirən hakim onun ibtidai istintaqa verdiyi ilkin ifadəsini elan edib.
Şahid istintaqa bildirib:
"Mən Samiri əl çantası ilə vurandan sonra, o mənə şillə vurdu. Mənim ayağım burxuldu, yerə yıxıldım. Daha sonra Samir mənim saçlarımnan tutaraq ayağa qaldırdı. Onun bu hərəkətlərini görən ətrafdakı bir neçə nəfər yaxınlaşaraq onun xanıma qarşı etdiyi bu hərəkətlərə görə qinamağa başladılar. Sonra mən həmin ərazidən uzaqlaşaraq taksi çağırıb getmişəm".
Daha sonra təqsirləndirilən Mətləb Süleymanlının vəkili müvəkkilinin müalicəsi ilə bağlı müəyyən problemlərin olduğunu məhkəmənin diqqətinə çatdırıb.Hakim isə öz növbəsində bu barədə Penitensiar Xidmətə müraciət etməklərini tövsiyyə edib.
Növbəti proses mayın 18-nə təyin edilib.
Rəsmi məlumata görə, 2025-ci il iyunun 19-da Bakının Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovu 1999-cu il təvəllüdlü Mətləb Süleymanlı rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə qətlə yetirməkdə təqsirli bilinərək istintaqa cəlb edilib.
Mətləb Süleymanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.Cinayət işinin istintaqı zamanı daha sonra Tural Abbasov,Rövsən Abbasov, Samir Abbasov və Dəyanət Məhərrəmov cinayətdə iştirakçı kimi istintaqa cəlb olunublar,onların barəsində isə həbs olmayan qətimkan tədbiri seçilib.
Orxan Rasifoğlu
