Əfqanıstanda "Taliban"la əlaqəli "Əxlaq və Fəzilət Nazirliyi" və əxlaq polisi son zamanlar saqqal və saç kəsimi ilə bağlı daha sərt qaydalar tətbiq edir.
"Unikal" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı yardım missiyasının hesabatına görə, "Taliban"ın 2024-cü ilin avqust ayında qəbul edilmiş əxlaq qaydaları kişilərin saqqal uzunluğunu və saç düzümünü məhdudlaşdırır; bu qaydalara əməl etməyən kişilər və bərbərlər saxlanılır.
Yerli mənbələr və hesabatlar göstərir ki, "Taliban" rejimi müəyyən bir uzunluqdan aşağı saqqal kəsməyi və ya Qərb üslubunda saç və saqqal tərzlərini qadağan edir. Rejim bu cür təcrübələri "şəriətə zidd" hesab edir.
Saxlanılan bərbərlərin dükanları da bağlanıb və bəzi mənbələr bu şəxslərin təxminən bir ay müddətində saxlanılacağını bildirir. Bu təcrübə ölkə daxilində şəxsi azadlıqlar və kiçik bizneslə bağlı ciddi narahatlıqlar yaradıb.
Gülayə Mecid
