Onlayn moda nəhəngi ASOS-un həmtəsisçilərindən biri, multimilyoner Kventin Qriffits Tailandda müəmmalı şəraitdə həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilir ki, 58 yaşlı sahibkar Pattayada yerləşən yaşayış kompleksindəki mənzilinin 17-ci mərtəbəsinin eyvanından yıxılıb. 

Qeyd olunur ki, ölümün dəqiq səbəbi yalnız tam məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq və bu proses aylarla çəkə bilər. Biznesmenin meyiti kondominiumun eyvanının altında tapılıb.  Hadisənin biznesmenin keçmiş tailandlı həyat yoldaşı ilə uzunmüddətli münaqişəsi fonunda baş verdiyi vurğulanır. Qadın daha əvvəl Qriffitsi onların ortaq biznesindən 500 min funt sterlinq mənimsəməkdə və torpaq sahələri ilə şirkət paylarını onun xəbəri olmadan satmaq üçün sənədləri saxtalaşdırmaqda ittiham etmişdi.

Ötən il sahibkar dindirilmək üçün saxlanılmış, lakin o, günahsız olduğunu bildirərək sərbəst buraxılmışdı. Araşdırma isə davam edirdi.

Qriffits 2000-ci ildə ASOS-un yaradılmasının təşəbbüskarlarından biri olub. İllər ərzində brend milyardlarla funt dövriyyəsi olan qlobal moda platformasına çevrilib və şirkətin məhsullarını, o cümlədən, Ketrin, Uels şahzadəsi və Mişel Obama geyinib.

Üç uşaq atası olan Qriffits təxminən 2007-ci ildə Tailanda köçüb. Birinci həyat yoldaşı ilə boşandıqdan sonra Tailand vətəndaşı ilə evlənib, bu nikahdan bir oğlu və bir qızı dünyaya gəlib, lakin cütlük bir neçə il əvvəl ayrılıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyi ailəyə dəstək göstərildiyini və Tailand hakimiyyət orqanları ilə əlaqənin saxlanıldığını təsdiqləyib. İstintaq davam edir.

Gülayə Mecid