Ukrayna dronları bu gecə Rusiyanın Perm diyarında yerləşən iri kimya zavoduna zərbə endirib.
"Unikal" xəbər verir ki, bu barədə RBC-Ukraine Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Perm diyarının rəhbəri Dmitriy Maxonin hadisəni öz Telegram kanalında təsdiqləyərək bildirib ki, insident nəticəsində yerli əhali arasında xəsarət alan olmayıb.
Məlumata görə, dronların hədəfi Perm bölgəsində yerləşən Metafrax Chemicals zavodu olub. Bildirilir ki, sözügedən müəssisə Rusiya hərbi sənayesi üçün partlayıcı maddələrin və digər hərbi təyinatlı materialların komponentlərini istehsal edir.
Hadisə şahidlərinin sözlərinə görə, zavod ərazisində ən azı altı partlayış baş verib və müəssisənin işçiləri təxliyə olunub.
Qeyd edək ki, Perm diyarı Ukrayna ilə sərhəddən 1600 kilometrdən çox məsafədə yerləşir. “Metafrax Chemicals” isə Rusiya Federasiyasında və Avropada metanol istehsalı üzrə ən iri zavodlardan biri hesab olunur.
