Yanvarın 15-də Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxslə Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qanvermə aksiyası baş tutub.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, xüsusən də irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident cənab İlham Əliyev donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalamış, bu sahədə müvafiq qanunlar qəbul edilmişdir.
Eləcə də Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı 20 ilə yaxındır ki, ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan proqramın mahiyyəti yalnız xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də xəstəliyin genişlənməsinin qarşısının alınması, sağlam donor qanının təminatı kimi vacib sahələri də əhatə edir.
Rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələrinin əməkdaşları, sakinlər, o cümlədən ictimaiyyət nümayəndələri qana ehtiyacı olan insanların köməyinə çatmaq, onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq üçün bu nəcib və humanist aksiyaya həvəslə qoşulublar.
“Respublika Qan Bankı” PHŞ-nin həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı onlardan qan analizi götürülərək əvvəlcədən müəyyənləşdirilib.
Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
