Ermənistanın baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumu çərçivəsində “Yol ayrıcında liderlik” mövzusunda müzakirədə iştirak edib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Paşinyan sual-cavab formatında keçirilən müzakirədə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, regiondakı vəziyyət və kommunikasiya yollarının açılması üçün atılan addımlardan danışıb. 

Baş nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasında artıq sülh bərqərar olub və bu, reallıqdır. Bu baxımdan Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şəxsi səylərini və töhfələrini yüksək qiymətləndirib.

O, daha sonra TRIPP layihəsinə toxundu və onun həyata keçirilməsinin həm Ermənistan, həm də Azərbaycan üçün vacibliyini vurğuladı: "Regional əlaqə o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan bir-birimizin ərazisindən daxili, ikitərəfli və beynəlxalq ünsiyyət üçün istifadə etmək imkanı əldə edəcək və bu o deməkdir ki, ərazimizdən beynəlxalq tranzit üçün yeni bir marşrut açılacaq. Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həqiqətən də beynəlxalq ticarət, eləcə də regionumuz üçün oyun dəyişdiricisi ola bilər".

Paşinyan əlavə edib ki, Fars körfəzindən, Oman körfəzindən Qara dənizə qədər açıq rabitə yolları olacaq, Xəzər dənizi ilə Aralıq dənizi arasında yeni bir əlaqə olacaq və Ermənistan üçün yeni imkanlar yaradılacaq.

Ağarza Elçinoğlu