"Fəaliyyətdə olan kitabxanalarda ən çox qarşılaşdığımız çətinliklər kitabxananın fiziki olaraq vəziyyəti, eyni zamanda kitabxanalarda nəzərdə tutulan bölmələrin beynəlxalq standartalara və bugünkü oxucu tələblərinə cavab verməməsi ilə bağlıdır"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

Nazir müavini bildirib ki, fiziki baxımdan kitabxanaların 80 faizdən çoxunda müasir tələblərə uyğun fəaliyyətin qurulması yumşaq desək mümkün deyil: "Kitabxanaların 90 faizinə qədərində oxu zallarının olmaması infrastrukturla bağlı qarşılaşdığmız ən aktual məsələlərdəndir. Kitabxanaçı deyildikdə bu sahədə faəliyyət göstərən ixtisaslı mütəxəssisdən söhbət gedir. Reallıqda baxdıqda kitabxanaların böyük əksəriyyətində bu sahədə ixtisaslı ali təhsilli mütəxəssislərin sayı 7 faizdən bir az çoxdur".

Nazir müavini qeyd edib ki, Azərbaycanda kitabların yarıdan çoxu kril əlifbasındadır. Onun sözlərinə görə, Azərbaycan dilində olan nəşrlərin 9,2 milyondan çoxu və ya 57,6 %-i kiril qrafikasında, 6,7 milyondan çoxu isə latın qrafikasındadır:

"Bu da kitabxana fondlarında kiril əlifbalı nəşrlərin hələ də üstünlük təşkil etdiyini göstərir. Hzırda ölkə kitabxanalarının fondunda 18,8 milyona yaxın nəşr mövcuddur. Onların 15,9 milyondan çoxu və ya 84,6 %-i Azərbaycan dilində, 2,9 milyondan çoxu isə xarici dillərdədir".

F.Cəfərov vurğulayıb ki, kitabxana sistemində çalışan 6 461 əməkdaşın yalnız 7,7 %-i kitabxanaçılıq üzrə ali ixtisas təhsilinə malikdir. İşçilərin 10,4 %-i ali, lakin qeyri-ixtisas təhsilli, 39,3 %-i orta ixtisas, 42,6 %-i isə ümumi orta təhsillidir. Aparılan təhlillər kitabxanaların 90 %-dən çoxunun bina, struktur və xidmət sahələri baxımından beynəlxalq standartlara cavab vermədiyini göstərir. Bundan başqa, real oxucu ilə statistikalarda göstərilən oxucu arasında da böyük fərq var. Kitabxanaların təxminən 80 %-nin internetə çıxışı yoxdur:

"Ölkə üzrə kitabxana fondu 18 milyon 894 min 915 nüsxə, qeydiyyatdan keçmiş oxucuların sayı isə 954 min 260 nəfərdir. Həmçinin qeyd edim ki, monitorinqlər zamanı bəzi kitabxanalar tərəfindən faktiki fond və real oxucu sayının təqdim edilmədiyi hallar aşkarlanıb".

Anar Kəlbiyev