"Kitabxana sahəsində bir çox problemlər mövcuddur. Problemlər həm infrastruktur, həm də məzmun baxımından özünü göstərir. Kitabxana fondlarını təhlil edərkən biz bu problemləri aydın şəkildə müşahidə etmişik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə mədəniyyət naziri Adil Kərimli deyib.

“Bu gün kitabxanalarımız mövcud tələbatı tam şəkildə təmin edə bilirmi? Cavabımız xeyrdir. Məhz buna görə də bu sahə dövlətimiz üçün prioritet istiqamətlərdən biridir”, - deyə nazir vurğulayıb.

A.Kərimli bildirib ki, bu gün müəyyən sayda kitabxana və bina mövcuddur. İnfrastruktur baxımından çoxsaylı obyektlər fəaliyyət göstərir:

“Lakin əsas məsələ onların mövcudluğu deyil, cəmiyyətin ehtiyaclarını hansı səviyyədə qarşılaya bilməsidir. Apardığımız araşdırmalar göstərir ki, kitabxanaların ərazi üzrə yerləşməsi və əlçatanlığı baxımından mövcud sistem bu sahədəki tələbatın bütövlükdə hətta 35 faizini belə qarşılamır. Bu, ümumi nəzəri göstəricidir. Real rəqəmlərə baxdıqda isə mənzərə daha aşağı səviyyədə görünür. Məhz buna görə də məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir. Gələcəkdə isə əsas hədəf 100 faizlik əhatə səviyyəsinə nail olmaqdır. Hər bir vətəndaşın kitab fondlarına, bilik mənbələrinə, elmi və elmi-kütləvi nəşrlərə, dövri mətbuata və digər informasiya resurslarına bərabər çıxış imkanlarının yaradılması əsas məqsədlərimizdəndir.

Bu, xüsusilə tələbələrə, tədqiqatçılara və elmi fəaliyyətlə məşğul olan şəxslərə aiddir. Məsələn, bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrinin elmi ədəbiyyata çıxış imkanları Bakıdakı tələbələrin imkanları ilə eyni səviyyədə olmalıdır”.

Anar Kəlbiyev