Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Kiçik və orta ölçülü şəhərlərdə və kənd ərazilərində dayanıqlı mobillik” üzrə tədqiqat layihəsinin İşçi qrupunun ilk iclasında iştirak ediblər.
"Unikal" xəbər verir ki, onlayn formatda keçirilən görüşdə İşçi qrupun fəaliyyət istiqamətləri, tədqiqatın əhatə dairəsi, prioritetləri və gözlənilən nəticələr müzakirə olunub. Bildirilib ki, təxminən bir il müddətində fəaliyyət göstərəcək İşçi qrupun əsas məqsədi kiçik və orta şəhərlərdə, eləcə də kənd yerlərində nəqliyyat xidmətlərini yaxşılaşdırmaq, əhalinin mobillik imkanlarını genişləndirmək və regionlardakı uğurlu təcrübələri öyrənməkdir.
Layihə çərçivəsində iştirakçı ölkələrin təcrübələrinin müqayisəli təhlili aparılacaq, uğurlu beynəlxalq təcrübələr müəyyən ediləcək və praktiki tövsiyələr hazırlanacaq. Yekun nəticələr BNF-nin gələcək tədqiqat və siyasət sənədlərində nəzərə alınacaq.
Azərbaycan nümayəndə heyəti müzakirələr zamanı bildirib ki, ölkəmizdə nəqliyyat sahəsində aparılan islahatlar, regionlarda ictimai nəqliyyat inkişafı və dayanıqlı mobillik üzrə qazanılan təcrübə İşçi qrupun fəaliyyətinə töhfə verə bilər.
Azərbaycan tərəfi İşçi qrupun növbəti görüşlərində və tədqiqat fəaliyyətlərində fəal iştirak edərək əldə olunan təcrübənin ölkədə tətbiqini planlaşdırır.
Qeyd edək ki, sözügedən tədqiqat layihəsi BNF-yə üzv ölkələr tərəfindən Bakıda təsdiqlənən 2026 – 2027-ci illər üzrə İş Proqramının tərkib hissəsidir.


















































