"Kitabxanalar dövlətimiz üçün prioritet sahələrdən biridir. Kitabxanalar bir çox funksionallığı yerinə yetirir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir bildirib ki, kitabxana sisteminin özü mürəkkəb bir sistemdir. Onun sözlərinə görə, bu sahədə infrastruktur baxımından bəzi problemlər mövcuddur.

A.Kərimli qeyd edib ki, kitabxana sisteminin optimallaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətində ən vacib istiqamətlərdən biridir və xüsusilə cəmiyyətimiz üçün kifayət qədər maraqlı və əhəmiyyətli mövzudur:

"Dövlətin mədəniyyət siyasətinin reallaşdırılmasında əsas istiqamətlərdən biri məhz kitabxana sahəsində fəaliyyətin təmin edilməsidir. Dövlətin bu sahədə siyasəti ondan ibarətdir ki, kitabxanalar cəmiyyət üçün faydalı sosial-təhsil institutu olmaqla, onların səmərəliliyi, məzmun zənginliyi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində daim dinamik inkişaf etməlidir. Mədəniyyət Nazirliyinin üzərinə bu istiqamətdə müvafiq tapşırıqlar qoyulub və fəaliyyət də həmin tapşırıqların icrasına yönəlib. Təbii ki, ilk gündən kitabxana sahəsində fəaliyyətin təkmilləşdirilməsi, onun müasir dünya standartlarına uyğunlaşdırılması və cəmiyyətin hər bir üzvü üçün əlçatan olması əsas məqsədlərimizdən biri olub. Bu məsələyə başlayarkən bir sıra suallar ortaya çıxdı. Biz kitabxana sistemini müasir dövrün tələblərinə necə uyğunlaşdıra bilərik? Sistemin özündə hansı boşluqlar mövcuddur? Bu gün kitabxanalar cəmiyyətin məlumat və bilik əldə etmək hüququnun təmin olunmasında öz funksiyalarını tam şəkildə yerinə yetirə bilirlərmi? Bu və digər sualların cavablandırılması üçün geniş araşdırmalara başlanılıb. İlk monitorinq apardığımız sahələrdən biri ölkə ərazisində fəaliyyət göstərən və Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxana strukturlarının və kitabxana müəssisələrinin kompleks şəkildə qiymətləndirilməsi olub. Monitorinq həm infrastrukturu, həm kadr potensialını, həm də kitabxana fondlarını, yəni məzmun fəaliyyətini əhatə edib. Üç il ərzində kifayət qədər geniş həcmdə məlumat toplanıb. Hesab edirik ki, bu məlumatların toplanması və təhlili xüsusi həssaslıq tələb edir. Çünki kitabxana sahəsi bütövlükdə milli bilik mənbəyi kimi çıxış edən əsas təsisatlardan biridir. Burada aparılacaq islahatların nəticəyönümlü və səmərəli olması üçün ciddi təhlilə ehtiyac var".

Nazir bildirib ki, bu təhlillər artıq sistemləşdirilib və düşünürük ki, kifayət qədər məlumat bazası formalaşıb: "Komandamızın və bu sahənin peşəkar mütəxəssislərinin iştirakı ilə həmin məlumatlar ətraflı təhlil olunub. Dövlət başçısının Mədəniyyət Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrdən biri məhz bu sahədə fəaliyyətin təkmilləşdirilməsidir. Məqsəd kitabxana sistemini müasir tələblərə uyğunlaşdırmaq, onun fəaliyyətini daha səmərəli, dayanıqlı və yüksək keyfiyyət göstəricilərinə əsaslanan formada təşkil etməkdir. Bu istiqamətdə hansı işlərin görülməli olduğu, hansı yeni yanaşmaların tətbiq edilməsinin vacibliyi barədə artıq konseptual baxışımız formalaşıb. Mədəniyyət Nazirliyi üçün kitabxanalar çox önəmli və vacib təsisatdır. Bəzən cəmiyyətdə belə fikirlərlə qarşılaşırıq ki, guya Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır və ya bu sahəyə münasibət soyuqdur. Bu, qətiyyən doğru deyil və belə bir mövqe qəbul edilə bilməz. Çünki kitabxanalar dövlətimiz üçün prioritet sahələrdən biridir. Məlumatın əldə olunması və maarifləndirmə fəaliyyətinin təmin edilməsi baxımından onların rolu əvəzsizdir”.

Anar Kəlbiyev