Mayın 18-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü çərçivəsində bir sıra mühüm tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, WUF13-ün rəsmi açılış mərasimi reallaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar. Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.
Sonra UN-Habitat tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub. Tədbirdə çıxış edən Prezident İlham Əliyev forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı olduğunu bildirib. Eyni zamanda dövlətimizin başçısı deyib: “2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik”. İşğaldan azad olunmuş ərazilərin 5 il ərzində keçdiyi bərpa yolundan söz açan Prezident İlham Əliyev Azərbaycan hökumətinin hazırda prioritetində duran Böyük Qayıdış proqramından ətraflı danışıb.
BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun açılış mərasiminə ünvanladıqları videomüraciətləri nümayiş etdirilib.
Açılış mərasiminin ardınca liderlərin bəyanatları səsləndirilib. WUF13 tədbirində iştirak edən ölkələrin liderləri çıxışları zamanı Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edərək, WUF13 tədbirinin yüksək səviyyədə təşkilini və Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi təşəbbüsləri müsbət qiymətləndiriblər.
Günün proqramı çərçivəsində WUF13-ün açılışına həsr olunan mətbuat konfransı keçirilib. Konfransda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, eləcə də Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri və BMT-nin Məskunlaşma Proqramının Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq iştirak ediblər. Burada dayanıqlı və inklüziv şəhərlərin qurulması, əlverişli mənzil təminatı, sürətli urbanizasiyanın yaratdığı çağırışlar, post-münaqişə ərazilərində yenidənqurma, “ağıllı şəhərsalma” və beynəlxalq əməkdaşlıq kimi məsələlər yerli və xarici media nümayəndələrinin diqqətinə çatdırılıb.
Konfransın ardınca Anaklaudia Rossbax və Anar Quliyevin iştirakı ilə “Urban Expo” sərgisinin açılışına həsr olunmuş lentkəsmə mərasimi keçirilib. Şəhərsalma və mənzil təminatı sahələrində innovativ yanaşmaları təqdim edən “Urban Expo” sərgisində 82 ölkədən 260 təşkilat və qurumun iştirak etdiyi 130-a yaxın pavilyon nümayiş olunur. Sərgidə ümumilikdə 41 ölkəni təmsil edən milli pavilyon nümayiş etdirilir. Onların ən böyüyü 1500 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Müxtəlif iştirak, vahid baxış
İlk iki gün ərzində 162 ölkədən əyani və onlayn formatda 25 mindən çox iştirakçını bir araya gətirən WUF13 dünyanın ən iri Ümumdünya Şəhərsalma forumlarından biri kimi qiymətləndirilir.
WUF13 müxtəlif region və sektorlar üzrə geniş beynəlxalq iştirakı ilə davamlı şəhər inkişafı sahəsində dialoq və fəaliyyət üçün aparıcı qlobal platforma rolunu bir daha təsdiqləyir. Forum həmçinin çıxışçılar arasında gender balansının qorunmasına xüsusi önəm verir — dəvət olunmuş spikerlərin 56 faizi qadınlar, 44 faizi isə kişilər təşkil edir.
17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçirilən WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, merləri, biznes nümayəndələrini, akademik çevrələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya toplayır.






































.jpg)
.jpg)














