Sabirabad rayonunun Qarətəpə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobili, “Mercedes” markalı yük maşını və “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində 3 nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı "VAZ-2107"nin sürücüsü, 1961-ci il təvəllüdlü Sabirabad rayonunun Muradbəyli kənd sakini Vaqif Dadaşov, onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Anaş Dadaşova, həmçinin mikroavtobusun sərnişini, 1990-cı il təvəllüdlü Lənkəran rayon sakini Kənan Cəfərov hadisə yerində ölüb.

Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Onların arasında yük avtomobilinin və mikroavtobusun sürücüləri, eləcə də müxtəlif rayonlardan olan sərnişinlər var.

Hadisə yerinə FHN-in xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. 

Qəzanın başvermə səbəbləri araşdırılır.

Xəlil Əliyev 

*** 12:50

Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratəpə kəndində baş verib.

3 avtomobilin iştirakı ilə baş verən qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.