Banklardan birindən cinayət yolu ilə 727 min manatdan çox pul vəsaitini qanunsuz leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşı Vaysero Aleksandr Vladimiroviçin məhkəməsi yekunlaşıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edib. 

Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra Rusiya vətəndaşı olan təqsirləndirilən şəxs son söz deyib. 

Daha sonra ona hökm oxunub. 

Hökmə əsasən, Vaysero Aleksandr Vladimiroviç 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, istintaq zamanı müəyyən edilib ki, Vaysero Aleksandr tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı legallaşdırıb.

Bela ki, Rusiya Federasiyasının vətəndaşı Vaysero Aleksandr Vladimiroviç ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc, loto va digər qumar saytlarından daxil olmuş pul vasatlarinin həqiqi mənbəyini gizlədərək, həmin pul vəsaitlərini müxtəlif şəxslərin adına olan bank kartlarına hissə-hissə olmaqla köçürməklə ümumilikdə 727.024,40 manat məbləğində pul vasatini qanunsuz legallaşdırıb.

O, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkatlıqla Mübarizə Baş İdarəsi tərəfindən tutularaq istintaqa cəlb edilib.

Toplanmış sübutlar əsasında Vaysero Aleksandr Vladimiroviçə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham verilib.

Orxan Rasifoğlu