Ermənistan Parlamentinin sədri Alen Simonyan Ermənistan-Türkiyə quru sərhədinin açılmamasının səbəblərini açıqlayıb.
"Unikal" xəbər verir ki, Simonyan İstanbulda Ermənistan mətbuatının nümayəndələri ilə görüş zamanı sərhədin niyə açılmaması sualına cavab verib.
"Əlbəttə ki, nə gözləməli olduğumu deyə bilmərəm. Əvvəlcə deyilirdi ki, Dağlıq Qarabağ məsələsi həll olunmazsa, sərhəd açılmayacaq. Sonra Qarabağ məsələsinin həll olunduğunu elan etdilər. Bundan sonra Ermənistan-Azərbaycan sülh müqaviləsi irəli sürüldü. Biz bu müqaviləni müzakirə etdik. Bu, mürəkkəb və uzun bir proses idi, amma 17 bənd üzrə razılığa gəldik. İmzalanma üçün görüşdük, əl sıxdıq, amma yenə də proses başa çatmadı", - Simonyan bildirib.
Simonyan həmçinin Azərbaycanın bu prosesdəki roluna da toxunub: "Lobbiçilik və təsir gücü ilə deyə bilərəm ki, hazırda Azərbaycan prosesə mane olur, çünki bir tərəfdən bizimlə danışıqlar aparır, digər tərəfdən isə Türkiyənin bizimlə danışıqlar aparmasına imkan vermir. Bu, qəribə bir vəziyyətdir. Görünür, Türkiyə bu münasibətlərin əsirinə çevrilib".
Ağarza Elçinoğlu
