Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılmışdır.
Komitədən "Unikal"a verilən məlumata görə, yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcəkdir.
Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
*** 13:20
Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumata görə Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, aprelin 14-ü saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə qız doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm körpə dünyaya gətirib.
***
"Aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğum sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub".
"Unikal" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində çəkisi 1900 qram, boyu 44 sm olan oğlan uşağı dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Aprelin 17-də zahı kafi vəziyyətdə sahə həkimi, mama-ginekoloqun nəzarəti altında ambulator müalicə üçün evə yazılıb. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib”, - məlumatda qeyd edilib.
