Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının nüfuzlu Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə yaradılan “PKTU-BMU Mühəndislik fakültəsi”nin rəsmi açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, hər iki universitetin rektoru və akademik heyətinin iştirak etdiyi mərasimdə öncə BMU ilə PKTU arasında fakültənin fəaliyyətini tənzimləyəcək müqavilə imzalanıb, gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.
Fakültənin açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, bu əlamətdar hadisə təkcə ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələsi deyil, eyni zamanda Azərbaycan ilə Çinin mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində daha da möhkəmləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin ötən il imzaladıqları Birgə Bəyanatda təhsil sahəsində əməkdaşlığı genişləndirməyin nəzərdə tutulduğunu vurğulayan Yaqub Piriyev əlavə edib ki, fakültə ölkələr arasında elm və təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Qeyd olunub ki, 2025-ci ildən etibarən BMU ilə PKTU arasında bakalavriat səviyyəsində ikili diplom proqramı həyata keçirilir və 6 ixtisası əhatə edən bu proqram Azərbaycan ilə Çin universitetləri arasında ilk belə təşəbbüs kimi tarixə düşüb. Rektor bu əməkdaşlığın davamı olaraq fərqli formatda yaradılan fakültənin yüksək ixtisaslı kadrların hazırlanmasında önəmli rol oynayacağına, innovativ ideyaların formalaşdığı, elmi tədqiqatların inkişaf etdiyi akademik mərkəzə çevriləcəyinə əminliyini bildirib. Fakültə çərçivəsində tələbələr üçün birgə tədqiqat, mübadilə proqramları və qabaqcıl texnologiyalarla işləmək imkanı yaradılacaq. Rektor əlavə edib ki, fakültədə tədris 3+1 modeli əsasında təşkil olunacaq. Müəyyən akademik tələblərə cavab verən tələbələr 3 il Azərbaycanda, 1 il isə Çində təhsil alaraq hər iki universitetin diplomuna yiyələnmək imkanı əldə edəcəklər. Hər tədris ili üzrə 100 tələbənin qəbulunun nəzərdə tutulduğu fakültədə kompüter elmləri/süni intellekt, kimya mühəndisliyi, biotexnologiya, həmçinin mexanika mühəndisliyi sahələri üzrə kadrlar hazırlanacaq və tədris prosesi hər iki universitetin professorları tərəfindən aparılacaq. Yaqub Piriyev nəzərə çatdırıb ki, ən perspektivli sahələri əhatə edən bu istiqamətlər üzrə müasir çağırışlara cavab verən mütəxəssislərin hazırlanması insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, fakültə ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni modelini formalaşdırmaqla yanaşı, tədqiqat və innovasiya ekosisteminin inkişafına, bilik iqtisadiyyatının gücləndirilməsinə töhfə verən mühüm platforma kimi çıxış edəcək.
PKTU-nun rektoru, professor Tan Tianvei isə tədqiqatyönümlü ali məktəb haqqında təqdimatında təhsilin bütün pilləri üzrə proqramlar həyata keçirildiyini bildirib. Qeyd olunub ki, PKTU kimya mühəndisliyi, biotexnologiya və bir sıra müvafiq ixtisaslar üzrə reytinqdə dünyanın ilk 100 universiteti sırasında yer alır. Çin və Azərbaycan liderlərinin dostluq münasibətlərinin xalqlar arasında müsbət əlaqələrdə mühüm rol oynadığını vurğulayan rektor BMU ilə ikili diplom proqramını və yeni yaradılan fakültəni iki ölkənin təhsil sahəsində əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirib. O, həmçinin vurğulayıb ki, fakültə tələbələrə beynəlxalq səviyyədə rəqabətədavamlı bilik və bacarıqlar qazandıracaq, elmi tədqiqatların inkişafına xidmət göstərəcək. Tan Tianvei bu təşəbbüsün gələcəkdə daha geniş tədqiqat layihələrinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacağına əminliyini ifadə edib. Sonda rektor 20 aprelin Çin ənənəsində bolluq, yenilənmə və inkişafın başlanğıcı kimi qeyd olunduğuna diqqət çəkərək, belə bir tarixdə fakültənin fəaliyyətə başlamasını təhsil sahəsində məhsuldar əməkdaşlığın və gələcək uğurların ifadəsi kimi çıxış etdiyini söyləyib.
Tədbir çərçivəsində rektorlar tərəfindən iki universitet arasında əməkdaşlığın davamlılığına, dostluq münasibətlərinin möhkəmləndirilməsinə və ekoloji dəyərlərin təşviqinə rəmzi töhfə olaraq ağac əkilib.
Sonra fakültə ilə tanışlıq olub.
