Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Gənclərin siyasət və analitika mərkəzi” siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili layihəsinin növbəti qonağı YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov olub.

"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov layihənin əsas məqsədi və gənclərin inkişafına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumat verib.

Daha sonra Milli Məclisin deputatı Hikmət Məmmədov “Siyasi böhranlar və lider faktoru müasir geosiyasi mənzərə kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

O bildirib ki, müasir dövrdə siyasi böhranlar artıq lokal xarakter daşımır, qlobal təsirlərə malik mürəkkəb proseslər kimi çıxış edir. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və dövlətlərarası qarşılıqlı asılılıq bu böhranların həm yaranma səbəblərini, həm də nəticələrini daha da dərinləşdirir. Bu kontekstdə lider faktoru xüsusi əhəmiyyət kəsb edir.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, hazırkı geosiyasi mənzərə çoxqütblülük, regional güc mərkəzlərinin artması və böyük dövlətlər arasında rəqabətin güclənməsi ilə xarakterizə olunur. Bu şəraitdə liderlərin rolu daha da ön plana çıxır. Böhran anlarında qərarların operativliyi, dəqiqliyi və strateji baxışı liderin şəxsi keyfiyyətlərindən birbaşa asılı olur. Bu baxımdan Azərbaycanın təcrübəsi və ölkə rəhbərliyinin fəaliyyəti xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyevin bu proseslərdə rolu xüsusi qeyd olunmalıdır.

H.Məmmədov vurğulayıb ki, Azərbaycanın təcrübəsi mürəkkəb geosiyasi şəraitdə lider faktorunun siyasi sabitliyin qorunması və böhranların effektiv idarə olunmasında əsas elementlərdən biri olduğunu aydın şəkildə nümayiş etdirir.

Tədbirin sonunda Milli Məclisin deputatı Hikmət Məmmədov gənclərin suallarını cavablandırıb.