İranın yeni Ali Lideri Müctəba Xamenei müharibənin ilk günündəki zərbələrdən sonra gizlənərkən yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti İran rəsmilərinə istinadən yazıb.
Məlumata görə, Müctəba Xamenei İsrail və ABŞ tərəfindən başladılan müharibənin ilk günündə ayaqlarından yaralanıb: "Üç İran rəsmisi Müctəba Xameneinin həmin gün yaralandığını, lakin zədənin dərəcəsi və onun hazırkı tibbi vəziyyətinin hələ də bəlli olmadığını bildirib. Rəsmilər onun huşunun özündə olduğunu və hazırda məhdud ünsiyyətin olduğu təhlükəsiz bir yerdə gizləndiyini bildiriblər".
İsrailin iki hərbi rəsmisi də qəzetə bildirib ki, İsrail müdafiə rəsmiləri oxşar qiymətləndirməyə gəliblər. Məlumata görə, Əli Xameneinin ölümünə səbəb olan zərbədə Müctəba Xameneinin həyat yoldaşı, oğlu və anası da ölüb.
Qeyd edək ki, İran Prezidentinin oğlu və müşaviri Yusif Pezeşkian yeni Ali Liderin sağ-salamat olduğunu açıqlayıb. Lakin onun yaralanması ilə bağlı nəsə deməyib.
İran rəsmiləri də bu barədə susurlar.
Ağarza Elçinoğlu
