Maliyyə icarəsi fəaliyyətinə dair yeni tələblər müəyyən edilir.

"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti üzrə tənzimləmə və nəzarət bu Qanuna uyğun olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs və ya xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini Mərkəzi Bank tərəfindən aparılan maliyyə icarəsi verənlərin reyestrinə (bundan sonra – reyestr) daxil edildikdən sonra həyata keçirə bilər. Reyestrə daxil edilmə üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri və ya bu sözlərdən ibarət söz birləşməsinin istifadə edilməsi qadağandır.

İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialı tərəfindən maliyyə icarəsi fəaliyyəti bu Qanunun 16.14-cü maddəsinə uyğun olaraq, Mərkəzi Banka məlumat verilməklə həyata keçirilə bilər. Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxs minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olmalıdır. 

Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının (xarici hüquqi şəxsin yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin) minimum məbləği və formalaşdırılması, habelə öz vəsaitlərinin (xarici hüquqi şəxsin yerli filialının həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərinin) hesablanması qaydası, strukturu və tərkibi Mərkəzi Bank tərəfindən müəyyən edilir.

İcarəyə verənlə aidiyyəti olan şəxslər arasında əqdlərin bağlanılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. Bir və bütün aidiyyəti şəxslərlə bağlanılan maliyyə icarəsi müqavilələrinin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir. 

İcarəyə verən bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər qrupu üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən kredit risklərinin maksimum miqdarına dair tələblərə əməl etməlidir.  

İcarəyə verən maliyyə icarəsi fəaliyyəti ilə bağlı həyata keçirdiyi əməliyyatlar, risklərin idarə olunması və maliyyə icarəsi fəaliyyəti üzərində nəzarətə dair daxili qaydalara malik olmalıdır.

İcarəyə verənlər hər bir icarəçi haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə, habelə “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyətdə olan azı bir kredit bürosuna təqdim etməli və həmin Qanundan irəli gələn tələblərə əməl etməlidirlər.

İcarəyə verən maliyyə icarəsi fəaliyyətinin həyata keçirilməsi zamanı öhdəlik daşıyan şəxs qismində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət etməlidir. İcarəyə verən maliyyə icarəsi fəaliyyətindən başqa qanunla qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.

Anar Kəlbiyev