Azərbaycanda “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsinin əsas məqsədləri açıqlanıb.

"Unikal" xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Qeyd edilib ki, hazırda maliyyə icarəsi (lizinq) sahəsində münasibətlər əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və işgüzar dövriyyə adətləri ilə tənzimlənir. Azərbaycanda lizinq haqqında ilk qanun 1994-cü ildə qəbul edilmiş, daha sonra lizinqlə bağlı münasibətlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənməsi həyata keçirilmiş (hazırda da məcəllə ilə tənzimlənir) və adıçəkilən qanun  2003-cü ildə ləğv edilmişdir.  

Maliyyə icarəsinin (lizinqin) iqtisadi dövriyyənin yüksəlməsində, hüquqi və fiziki şəxslərin maliyyəyə çıxışının təmin olunmasında böyük rolu vardır. Son nəticədə isə bu mexanizm maliyyə icarəsi alanların tələb və ehtiyaclarının ödənilməsinə ciddi dəstək verir. Belə bir şəraitdə maliyyə icarəsinin yeni dövrün tələblərinə uyğun tənzimlənməsi, xüsusilə maliyyə icarəsi verənlərin məsuliyyətinin yüksəldilməsi və bu sahədə nəzarət və tənzimləmənin yaradılması zərurəti vardır. 
Qeyd etmək lazımdır ki, mövcud normativ hüquqi baza bu fəaliyyət sahəsinin genişlənməsini və inkişafını tam dəstəkləmir. Belə ki, maliyyə icarəsini (lizinqi) səciyyələndirən və fərqləndirən əsas xüsusiyyətlər qanunvericilikdə əks olunmur, eyni zamanda bu sahənin dövlətin prudensial tənzimlənməsi və nəzarətindən kənar qalması maliyyə icarəsi verənlərin maliyyə bazarlarından əlavə resurslar cəlb etməsində çətinliklər yaradır.   

Qanun layihəsi maliyyə icarəsi bazarının inkişaf etdirilməsi ilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyəyə çıxışının asanlaşdırılması çərçivəsində hazırlanmışdır. Layihənin hazırlanması zamanı “Beynəlxalq Xüsusi Hüququn Unifikasiyası İnstitutu” tərəfindən 28 may 1988-ci il tarixində qəbul olunmuş “Beynəlxalq Maliyyə İcarəsi haqqında Konvensiya” (Ottava Konvensiyası) və 13 noyabr 2008-ci il tarixində qəbul olunmuş “Maliyyə İcarəsi haqqında Model Qanun”, habelə qabaqcıl ölkələrin (Almaniya, Polşa, Litva, Türkiyə, Serbiya, Rusiya Federasiyası, Qazaxıstan və s.) maliyyə icarəsi sahəsində təcrübələri nəzərə alınmışdır. Layihənin hazırlanması prosesində, həmçinin xarici məsləhətçi xidmətindən istifadə edilmişdir. 

Layihə ümumilikdə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını və maliyyə icarəsi subyektləri arasında münasibətlərin əmələ gəlməsi, dəyişdirilməsi və xitam verilməsini, habelə ölkədə maliyyə icarəsi fəaliyyəti üzrə tənzimlənmə və nəzarətin əsas aspektlərini müəyyən edir. 

Maliyyə icarəsi beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alət bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilənin  hər üç tərəfi – icarəyə verən, icarəçi və satıcı onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, icarəçi bu və ya digər əmlaka görə haqq ödəməklə həmin əmlakdan istifadə edir, zəruri ehtiyaclarını ödəyir, icarəyə verən əmlakı özünün mülkiyyətində qalmaq şərtilə icarəçinin istifadəsinə verməklə onun tələbatlarını ödəyir, satıcı isə bu üsulla daha məhsuldar satış bazarları əldə edir, yəni icarəyə (lizinqə) verənə satışlar həyata keçirir.
Əmlakın (maliyyə icarəsi obyektinin) müqavilə bitdikdən sonra maliyyə icarəsi alanın mülkiyyətinə verilməsi, yaxud onun müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ tərəflər arasında bağlanan müqavilədə müəyyən ediləcəkdir. 

Layihədə əsas məsələlərdən biri Mülki Məcəllə və Vergi Məcəlləsi arasında ziddiyyətli məqamlardan biri olan maliyyə icarəsi alan (icarəçi) şəxslərin dairəsinin dəqiqləşdirilməsi ilə bağlıdır. Qanun layihəsinə əsasən icarəçi kimi yalnız fərdi sahibkarlar və hüquqi şəxslər çıxış edə biləcəklər. Bu yanaşma maliyyə icarəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması xüsusiyyətinə, eləcə də Vergi Məcəlləsində təsbit edilmiş yanaşmaya uyğundur. 
Qanun layihəsi ilə maliyyə icarəsi verənlərin fəaliyyətinin prudensial tənzimlənməsi və onların fəaliyyətinə nəzarətlə bağlı tənzimləmə çərçivəsi formalaşdırılır. Layihənin qəbul edilməsi ilə maliyyə bazarlarında tənzimləmənin xüsusiyyətləri nəzərə alınmaqla, maliyyə icarəsi fəaliyyəti ilə (maliyyə icarəsi verən qismində) yalnız hüquqi şəxslər məşğul ola biləcək və bunun üçün Mərkəzi Bank tərəfindən yaradılacaq maliyyə icarəsi verənlərin reyestrinə daxil edilmə əsas şərt hesab ediləcəkdir. Bu məqsədlə bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər tələb edilən sənəd və məlumatları Mərkəzi Banka təqdim edəcəkdir. 

Layihədə icarəyə verənlər üçün minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olma tələbi müəyyən edilmiş və bu vəsaitlərin minimum məbləği, formalaşdırılması, hesablanması qaydası, strukturu və tərkibi ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməsi təsbit edilmişdir.

Layihədə icarəyə verən, icarəçi və satıcı arasında maliyyə icarəsi münasibətlərinin qurulmasının xüsusiyyətləri, maliyyə icarəsi müqaviləsinin forması, tərəflərin hüquq və vəzifələri, tərəflərin öhdəliklərindən irəli gələrək maliyyə icarəsi obyektinə tutma yönəldilməsinin xüsusiyyətləri tənzimlənmişdir.

Layihədə beynəlxalq təcrübədən də irəli gələrək maliyyə icarəsi ilə bağlı subicarə və geriyə maliyyə icarəsi mexanizmləri tənzimlənmişdir. Belə ki, subicarə çərçivəsində icarəçi icarəyə verənin razılığı ilə icarə obyektini digər şəxsə icarəyə verə biləcək, geriyə maliyyə icarəsində isə icarəçi öz mülkiyyətində olan əmlakı icarəyə verənin mülkiyyətinə verib həmin obyekti icarəyə götürəcəkdir. 

Habelə, qanun layihəsində icarəyə verənlər tərəfindən kredit tarixçəsini təşkil edən məlumatları fəaliyyətdə olan ən azı bir kredit bürosuna verilməsi tələbinin təsbit olunması maliyyə bazarlarında informasiya asimmetriyasının aradan qaldırılması ilə borclanma səviyyəsinin düzgün qiymətləndirilməsinə və hər bir icarəçinin borc yükünün müəyyənləşdirilməsinə, habelə kredit bürosunun əhatəlilik dərəcəsinin yüksəldilməsinə və ölkəmizin beynəlxalq reytinqlərdə daha yüksək mövqe tutmasına xidmət edəcəkdir. 

Layihəyə əsasən icarəyə verən tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənəcək, habelə icarəyə verən illik maliyyə hesabatını (maliyyə vəziyyətini əks etdirən hesabatları) və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə (qanunda nəzərdə tutulan hallarda) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir. Beləliklə icarəyə verənlərin maliyyə hesabatlığı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq aparılacaqdır.

Anar Kəlbiyev