"Əhali bu ilin 3 ayında pərakəndə ticarət şəbəkəsində 15,9 milyard manatdan çox vəsait xərcləyib. Bunun 8 milyard 774,9 milyon manatı, yəni, 50,4 faizi ərzaq məhsullarının payına düşür".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu rəqəmi 10 milyon əhali üzrə adambaşına bir aylıq hesablayanda bir nəfər üçün təxminən 290-300 manat edir:
"Burada ilk baxışda belə bir fikir yarana bilər ki, sanki əhali çox istehlak edir, yəni çox ərzaq alır. Əslində isə məsələ bu deyil. İqtisadiyyatda Engel qanunu deyir ki, gəlir səviyyəsi aşağı və ya orta olduqda ərzağın xərclərdə payı yüksək olur. Gəlir artdıqca bu pay azalır. Bu baxımdan təxminən 50 faiz göstərici orta və aşağı gəlirli ölkələr üçün xarakterikdir və bu struktur göstəricidir. Amma bu statistikanın daha incə tərəfi var. Azərbaycan insanı çox yemir, Azərbaycan insanı bahalı yeyir. Yəni, aylıq 300 manatlıq ərzaq xərci beynəlxalq müqayisədə yüksək məbləğ deyil.
Hətta bir çox ölkələrdə bu rəqəm daha yuxarıdır. Amma həmin məbləğin ümumi xərclərdə payı yüksəkdir. Bunun səbəbi yalnız istehlak deyil. Ərzaq məhsullarının qiymətləri, idxaldan asılılıq və bazarın xüsusiyyətləri nəticəsində eyni gəlirlə daha çox vəsait xərclənir. Digər tərəfdən də ərzaq xərci alternativsiz xərclərdir. İnsan bu xərci azaltmaq imkanına malik deyil, digər xərclər isə dhha elastikdir, yəni, dəyişə bilir. Nəticədə belə bir vəziyyət formalaşır ki, məbləğ baxımından orta səviyyə, amma pay baxımından yüksək göstərici alınır".
İqtisadçı qeyd edib ki, bu mənzərəni tam anlamaq üçün bir neçə əlavə məqamı nəzərə almaq lazımdır: "Azərbaycanda ərzaq istehlakına təsir edən yalnız iqtisadi deyil, həm də sosial və mədəni faktorlar var. İnsanlar digər ölkələrlə müqayisədə daha çox evdə qidalanır. Səhər, günorta və axşam yeməkləri əsasən ailə daxilində hazırlanır. Bu isə avtomatik olaraq ərzaq xərclərinin payını artırır. Digər tərəfdən, qonaqpərvərlik ənənəsi də mühüm rol oynayır. Qonaq qəbul etmək, gediş-gəliş, süfrə mədəniyyəti gündəlik həyatın bir hissəsidir və bu da ümumi ərzaq xərclərinə təsir edir. Təbii ki, yazdığım son iki faktor bu göstəriciyə böyük ölçüdə yox, bir neçə faiz bəndi təsir edə bilir. Əhalinin xərclərində ərzaq məhsullarının payının azalmasının başlıca şərti gəlirlərin artmasıdır. Daha sonra idxaldan asılılığın azalması, bazarda qiymətlərin daha səmərəli formalaşması və s kimi məqamlar gəlir".
