"Hesabata əsasən, ötən il ümumilikdə 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirilməsindən keçirilib. Göründüyü kimi, illik büdcənin altıda biri-lakin daha  strateji sahələr əhatə olunub. Audit nəticəsində müəyyən edilən 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon manat səmərəsiz xərclər olduğuna dair Hesabatda ətraflı təhlillər təqdim olunub. Əvvəlki illərin hesabatları göstərir ki, problem tədricən növbəti illərə ötürülür".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

O bildirib ki, hökumət strukturlarının planlaşdırma fəaliyyətinin, o cümlədən icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var: "Maliyyə təhrifləri isə qərarvermə prosesində istifadə olunan məlumatların etibarlılığına birbaşa təsir edir. Lakin ən vacib indikator səmərəlilikdir. Çünki bir sıra sahələr üzrə ayrılan vəsaitlərin gözlənilən nəticəni verməməsi dərin təhlillər tələb edir. Palatanın hesabatında diqqət çəkən və bütün vətəndaşları əhatə edən icbari tibbi sığorta sistemidir. Audit nəticələri göstərir ki, əhalinin sığortalanmasına ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması üçün istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında uyğunsuzluqlar var. Lakin sənəddə bildirilir ki, adambaşına düşən icbari tibbi sığorta haqqının məbləğinin hansı metodologiya əsasında müəyyən edildiyi tam aydın deyil. Onda sual olunur, ayrılan vəsait həqiqətən xidmətə və nəticədə vətəndaşın ehtiyac duyduğu müayinəyə-müalicəyə çevrilirmi? İnanırıq ki, yeni institisuional islahlatlar nəticəsində məsələ həllini tapacaq. Hesabatda göstərilir ki, bəzi tikinti layihələrinin icrası zamanı dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmur. Sənəddə vurğulanır ki, özəl sektor tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan kommersiya obyektlərinin - bazar kompleksləri, ticarət və xidmət binalarının dövlət büdcəsi hesabına tikilməsi halları mövcuddur. Dövlət resurslarının sosial  məqsədlərdən kənara çıxaraq, kommersiya maraqlarını üzərinə götürməsi nə dərəcədə məqsədə müqaviqdir?

Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmaların tətbiqi tövsiyyə olunur. Yəni, eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurula bilərdi. Digər mühüm məsələ isə artıq tamamlanan obyektlərin istifadəyə verilməsi ilə bağlıdır. Məsələn, Şuşa şəhərində Mərkəzi Xəstəxananın tikintisi başa çatsa da, onun istismara qəbulunun gecikməsi, dövlət balansına qəbulunun ləngiməsi və fiziki aşınmaya məruz qalmasına dair Hesabatdakı rəy və tövsiyyələrə ikiqat məsuliyyətlə yanaşmaq tələb olunur. Azad torpaqlarda bəzən düzgün planlaşdırılmama digər bölgələrlə müqayisədə daha böyük mənəvi məsuliyyət deməkdir. Çünki  yeni Qarabağın inşası isadəcə iqtisadi deyil, bütöv millət və dövlət quruculuğunun müqəddəs simvoludur".

Anar Kəlbiyev