"Apple" şirkətinin baş direktoru Tim Kuk istefa verəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Apple" şirkəti məsələ ilə bağlı öz saytında yazılı açıqlama yayıb.
Bəyanatda deyilir ki, 1 sentyabr 2026-cı il tarixindən etibarən Tim Kuk təxminən 15 ildir tutduğu vəzifədən istefa verəcək və idarə heyətinin sədri olacaq, "Apple" şirkətinin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti Con Ternus isə baş direktor vəzifəsini icra edəcək.
Bu keçidin uzun müddətdir planlaşdırıldığı qeyd edilən açıqlamada Kukun bu prosesdə şirkətin bəzi aspektlərində, o cümlədən dünya miqyasında siyasətçilərlə ünsiyyətdə kömək edəcəyi bildirilir.
Bildirilib ki, Kuk şirkətə 1998-ci ildə qoşulub, 2011-ci ildə baş direktor olub və işlədiyi müddətdə yeni məhsul kateqoriyalarının, eləcə də şirkət tərəfindən göstərilən bir çox xidmətlərin istifadəyə verilməsinə nəzarət edib.
