Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilərək 20 il müddətinə həbs edilən Ermənistan vətəndaşı Ruben Vardanyana növbəti dəfə ailəsi ilə danışmaq üçün şərait aradılıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

Vardanyan ailəsi ilə telefon danışığı zamanı Ermənistan Respublikasının İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyana mesaj çatdırıb.

Vardanyan xahiş edib ki, onun və digər ermənilərin qohumlarının Bakıya səfəri təşkil edilsin: "Bu yaxınlarda Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşdüm. Söhbətimiz zamanı Azərbaycan Ombudsmanı qeyd etdi ki, o, artıq sizinlə (Anahit Manasyan - red.) Bakıya səfər etmək imkanını müzakirə edib. Azərbaycan tərəfi onun təşkilinə töhfə verməyə hazır olduğunu bildirib. 

Yuxarıda göstərilənləri nəzərə alaraq, sizdən qohumlarımızın, eləcə də lazım gələrsə, digər erməni məhbusların qohumlarının Bakıya səfər etmə ehtimalını nəzərdən keçirməyinizi xahiş edirəm. Həyat yoldaşım Veronika Zonabend belə bir təşəbbüsdə iştirak etməyə və Bakıya səfər etməyə hazırdır. Çox güman ki, digər məhbusların ailə üzvləri də hazır olacaqlar". 

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva mart ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında bir sıra erməniləri fərdi qaydada qəbul edib.

Ağarza Elçinoğlu