Bakıda xuliqanlıq və qətl törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
“Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilənlərdən Afiq Hacıəliyevin 18 il 6 ay, Natiq İmamcanovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək o məhkəmə zalında həbs edilməsini təklif edib.
Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub.
Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
