Fransanın “Renault” avtomobil şirkəti müdafiə sənayesində fəaliyyətini genişləndirir. Şirkət Fransanın müdafiə sahəsində fəaliyyət göstərən “Turgis & Gaillard” qrupu ilə əməkdaşlığa başlayaraq, bu ilin sonunadək hərbi təyinatlı pilotsuz uçuş aparatlarının kütləvi istehsalına start verməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Ketrin Votren “Ouest-France” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda layihə sınaq mərhələsindədir və ilk seriyalı istehsal avtomobil sənayesinə xas sənaye tempi ilə ilin sonuna qədər başlayacaq. “Renault” və “Turgis & Gaillard” arasında əməkdaşlıq “Chorus” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Fransa ordusunun arsenalında mövcud olan boşluqları doldurmaq və yüksəkintensivlikli münaqişələr üçün lazım olan istehsal həcmlərinə çatmaqdır.

Pilotsuz aparatların istehsalı “Renault”un Fransanın Le-Man şəhərində yerləşən zavodunda təşkil olunacaq.

Nazir bildirib ki, texnologiyaların sürətlə dəyişdiyi bir sahədə fəaliyyət göstərdiklərinə görə istehsal edilən modellərin mütəmadi olaraq yenilənməsi vacib olacaq.