ABŞ Hörmüz boğazı üzərində ona məxsus "Apachi" helikopterinin vurulmasından sonra İrana qarşı hərbi əməliyyatlara başladığını elan edib. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. 

 Açıqlamaya görə, hücumlar ABŞ prezidenti Donald Trampın əmri ilə həyata keçirilib və İrana qarşı özünümüdafiə kimi təsvir edilib. CENTCOM əməliyyatın səbəbsiz İran təcavüzünə cavab olaraq həyata keçirildiyini və bu hərəkətə mütənasib cavab verildiyini açıqlayıb:

"ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-yə məxsus "Apachi" helikopterinin vurulmasına cavab olaraq Şərq vaxtı ilə saat 17:00-da başlayan İrana qarşı özünümüdafiə zərbələri endirdiyini elan edir. Bu missiya İran təcavüzünə mütənasib cavabdır".

Eyni zamanda, İran mediası Hörmüzqan əyalətinin Qeşm və Sirik bölgələrində partlayış səslərinin eşidildiyini bildirib. İran Əmək Xəbər Agentliyi (ILNA) İranın cənubundakı bir neçə yerin hədəfə alındığını bildirib. Məlumata görə, Qeşm adasında bir yerə zərbə endirilib və ərazidə ən azı altı partlayış səsi eşidilib. Həmçinin mərmilərin ABŞ döyüş təyyarələri tərəfindən atıldığı açıqlanıb. Bu hadisələrdən sonra İran Teleradio Şirkəti də ABŞ mərmilərinin Cask və Mübarək dağında iki yerə zərbə endirdiyini bildirib.

SEPAH Aerokosmik Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi "düşmənin hərəkətlərinə qarşı yaxın saatlarda sərt cavab veriləcəyini" açıqlayıb.

Ağarza Elçinoğlu