ABŞ prezidenti Donald Tramp İranla danışıqlarda irəliləyişin olmamasından bezib və yaxın həftələrdə genişmiqyaslı əməliyyat ehtimalı 90% təşkil edir.

"Unikal" xəbər verir ki, belə bir iddia ilə" Axios" ABŞ prezidentinin müşavirlərindən birinə istinadən məlumat yayıb.

Nəşriyyat adı açıqlanmayan bir müşavirdən sitat gətirir: "Rəis bezməyə başlayır. Onun ətrafındakı bəzi insanlar onu İranla müharibəyə başlamamaq barədə xəbərdar edir, amma düşünürəm ki, yaxın bir neçə həftə ərzində aktiv hərbi əməliyyatların şahidi olacağıq, 90% ehtimal var".

Nəşrin məlumatına görə, ABŞ bir çoxlarının düşündüyündən daha tez və daha böyük miqyasda İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.

Nəşrin mənbələrinə görə, hərbi əməliyyat, çox güman ki, İsraillə birgə əməliyyat olacaq.

"ABŞ-ın İrandakı hərbi əməliyyatı genişmiqyaslı bir kampaniya ola bilər və həftələrlə davam edə bilər. Bu, ötən ay Venesuelada hədəf alınan əməliyyatdan daha çox tammiqyaslı müharibəyə bənzəyəcək", - deyə nəşriyyatın mənbələri bildirib.

Müəllif hesab edir ki, hazırda nüvə proqramı ilə bağlı razılaşma ehtimalı azdır. Bu arada, nəşrin İsraildəki mənbələrinə görə, İsrail hakimiyyəti cəmi bir neçə gün davam edəcək əməliyyat üçün ssenari hazırlayır.

Qeyd edək ki, Tehranın nüvə dosyesi üzrə İran-Amerika danışıqlarının ikinci mərhələsi 17 fevralda Cenevrədə baş tutub. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi irəliləyiş olduğunu bildirib və Tehranla Vaşinqtonun mümkün razılaşmanın əsasını təşkil edə biləcək mətnlər üzərində işləyəcəklərini qeyd edib.

Nuranə Abbasova