Qida Təhlükəsizliyi Agentliyinin “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026-cı ilin ilk tədbiri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 39 nömrəli Rafiq Nəsrəddinov adına tam orta məktəbdə təşkil olunub. Görüşdə 150 şagird iştirak edib.

"Unikal" xəbər verir ki, tədbir zamanı məktəblilərə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda təqdimatlar edilib. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, dərsdə diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

AQTA ümumi təhsil müəssisələrində maarifləndirmə fəaliyyətlərini 2026-cı ildə də ardıcıl şəkildə davam etdirəcək. Məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi barədə bilikləri artırmaq və şagirdlərə düzgün qida vərdişləri aşılamaqdır.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi çərçivəsində şagirdlərlə görüşlər paytaxt məktəbləri ilə yanaşı region məktəblərində də mütəmadi olaraq həyata keçirilir.