Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikası ilə bağlı ciddi iddia səsləndirilir. İddiaya görə, sözügedən poliklinika uşağın sağlamlığı ilə bağlı ata və anaya fərqli, bir-birinə zidd tibbi sənədlər təqdim edib.
"Unikal"ın məlumatına görə, şikayətçi olan ana Şahnaz Fərhad qızı İsmayılova Oxu.az-a bildirib ki, ona övladının sağlam olması barədə rəsmi formada - 26U tibbi arayışı təqdim edilib:

"Lakin uzun illərdir ki, uşağı ilə maraqlanmayan atasına məhkəmədə istifadə etməsi məqsədilə uşağın guya qarnının kistalarla dolu və ağır xəstə olması barədə arayış verilib".
Vətəndaş iddia edir ki, həmin xəstəlik ümumiyyətlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elektron informasiya sistemində mövcud deyil:

"Poliklinika sistemdə olmayan diaqnozu kağız üzərində ataya təqdim edib. Mən yoxladanda isə uşağın sağlam olduğu bildirilib, sadəcə, ürəyində problem aşkar edilib və bu diaqnoz rəsmi şəkildə "e-tabib" elektron informasiya sisteminə daxil edilib. Lakin buna baxmayaraq, poliklinika uşağın müalicəsindən imtina edir".
Şikayətçi bildirib ki, oğlu Y.E. oğlu İsmayılov doğulduğu gündən 4 saylı uşaq poliklinikasında qeydiyyatda olub, ancaq 2020-ci ildə poliklinika rəhbərliyi uşağı ananın xəbəri olmadan qeydiyyatdan çıxarıb:
"Hazırda arxiv sənədləri gizlədilir və uşağın guya həmin poliklinikada heç vaxt qeydiyyatda olmadığı iddia edilir. Məqsəd uşağın əvvəlki tibbi tarixçəsini aradan qaldırmaqdır".
Şahnaz İsmayılova əlavə edib ki, 4 saylı uşaq poliklinikası uzun müddət əsassız səbəblərlə uşağı yenidən qeydiyyata almaqdan imtina edib və tibbi xidmətin göstərilməsinə mane olub:
"Yalnız çoxsaylı müraciətlərdən sonra qeydiyyat bərpa edilib. Bununla yanaşı, poliklinikanın Səlminaz adlı həkimi mənə qarşı hədə və təzyiq göstərib.
Məhkəmənin uşağın məndə qalması ilə bağlı qərarı olmasına baxmayaraq, poliklinika rəhbərliyi 14 yaşlı uşağın tibbi sənədlərini saxtalaşdıraraq bu qərarın dəyişdirilməsinə əsas yaratmağa cəhd edir".
Ş.İsmayılova sonda vurğulayıb ki, uşağın atasına çoxsaylı müraciətləri olub:
"Ona dəfələrlə demişəm ki, əlində oğlumun xəstə olması ilə bağlı sənəd varsa, birgə müayinəyə gedək. Lakin o, imtina edib. Çünki uşağın müalicəsində maraqlı deyil, əksinə, sənədi yalnız məhkəmədə istifadə etmək istəyir".
