Sumqayıt şəhərində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə səyyar qəbul-görüşlər davam etdirilir

"Unikal" xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. Görüş şəhərin İnşaatçılar qəsəbəsində təşkil olunub.

Qəbulda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də şəhər sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı şəhər rəhbəri sakinlərin müraciətlərini fərdi qaydada dinləyib, onları narahat edən sosial, məişət, kommunal, infrastruktur və digər aktual məsələlərə dair təklif və müraciətləri qeydə alıb. Qaldırılan problemlərin bir qismi yerindəcə öz həllini tapıb, əlavə araşdırma və tədbir görülməsi zəruri olan məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq operativ şəkildə həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qəbul zamanı Zakir Fərəcov şəhər ərazisində aparılan abadlıq-quruculuq, yol-nəqliyyat infrastrukturu, kommunal xidmətlərin yaxşılaşdırılması, yaşayış məhəllələrinin yenidən qurulması və sosial rifahın artırılmasına yönəlmiş layihələr barədə də ətraflı məlumat verib, bu istiqamətdə görülən işlərin mərhələli şəkildə davam etdiriləcəyini bildirib.

Görüşdə iştirak edən sakinlər Sumqayıt şəhərində son illər ərzində həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma tədbirlərini yüksək qiymətləndirərək, vətəndaş müraciətlərinə operativ və həssas yanaşmaya görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.