Azərbaycan İdman Akademiyasının (ASA) əməkdaşlarının elmi məqaləsi dünyanın nüfuzlu beynəlxalq elmi nəşrlərindən biri olan “Orthopaedic Journal of Sports Medicine” jurnalında dərc olunub.

"Unikal" xəbər verir ki, ASA-nın İdman tibbi tədqiqatları laboratoriyasının meneceri Rauf Əliyev, Böyük Britaniyanın London Universitet Kollecinin professoru, Akademiyanın “İdman tibbi və reabilitasiyası” magistr proqramının rəhbəri Maykl Pol Luzmor, ASA-nın Elm və innovasiyalar üzrə prorektorunun müşaviri Nailə Kələntərli və Akademiyanın Məlumat dəstəyi mərkəzinin Statistik əməliyyatlar üzrə koordinatoru Vasiliy Kozlovun birgə müəllifliyi ilə hazırlanmış “Correlation Between Core Stability Parameters and Injury Rate in Elite-Level Wrestling Sport: Results of 6-Month Follow-up” adlı elmi məqalə jurnalın son buraxılışında yer alıb.

Bu uğur Cənab Prezident İlham Əliyevin “dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq, ASA-da elmi tədqiqatların gücləndirilməsi, elmin real praktikaya inteqrasiyası istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlardan biridir. Bu yanaşma ölkədə idman elminin inkişafına, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına və Azərbaycanın beynəlxalq elmi platformalarda layiqli şəkildə təmsil olunmasına mühüm töhfə verir.

Qeyd edək ki, “Orthopaedic Journal of Sports Medicine” jurnalı Web of Science və Scopus daxil olmaqla bir sıra nüfuzlu elmmetrik bazalarda indekslənir və Q1 kvartilində yer alır. 

Məqalə ilə tanış olmaq üçün keçid: https://journals.sagepub.com/doi/10.1177/23259671251403160