İranın qərb bölgələrində yüksək inflyasiyaya qarşı keçirilən etirazlar zamanı baş verən iğtişaşlar nəticəsində ölən və yaralananlar var.
"Unikal" xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, Loristan əyalətində və digər bölgələrdə polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Hadisələr zamanı ümumilikdə 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
Daha əvvəl “Fars” xəbər agentliyi Lordegan şəhərində polislə etirazçılar arasında qarşıdurma baş verdiyini, nəticədə ən azı iki polis əməkdaşının həlak olduğunu, bir neçəsinin isə yaralandığını bildirmişdi. “Press TV” isə qərbdə yerləşən Kuhdəşt şəhərində bir könüllü və bir “Bəsic” üzvünün öldüyünü açıqlamışdı.
NTV-nin məlumatına görə, Loristan əyalətində baş verən iğtişaşlar zamanı Emir Hüseyn Hodayarifər adlı təhlükəsizlik əməkdaşı həyatını itirib. İran İslam İnqilabı Keşikçiləri Korpusu onun etirazlar zamanı öldüyünü təsdiqləyib.
Bildirilib ki, etirazları zorakılığa sürükləməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb. Təhlükəsizlik qüvvələri əməliyyat zamanı 100 ədəd qanunsuz silahın ələ keçirildiyini, həmçinin bu silahların ölkəyə gətirilməsində iştirak edən şəxslərin müəyyən olunaraq saxlanıldığını açıqlayıb.
İranda yüksək inflyasiya və sosial-iqtisadi problemlər səbəbilə başlayan etirazlar artıq dörd gündür davam edir.
