Tamah niyyəti ilə qabaqcadan əlbir olan oğurluqda və quldurluqda təqsirləndirilən Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirinzadənin cinayət işinin bəzi detalları məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, dəstə üzvləri bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmə, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrar talamaqla oğurluq cinayəti və silah qismində istifadə edilən pnevmatik tapança ilə quldurluq cinayət əməllərini törədiblər.

Belə ki, dəstə üzvləri paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən Fariz Həziyevə məxsus nömrəsiz fərdi yaşayış evinə oğurluğa gediblər. 

Onlar 14 mart 2024-cü il tarixdə, saat 03 radələrində iz qoymamaq məqsədilə özləri ilə gətirdikləri göz yerləri kəsilmiş qara rəngli maska-idman papağını və əlcəkləri geyinib, evə daxil olublar. 

Evdən 3000 manat nəğd pul oğurlamaq niyyətində olsalar da, ev yiyəsi Fariz Həziyevin qəflətən evin içərisindən həyətə çıxmasından sonra qorxub oradan uzaqlaşıblar. 

Bundan başqa dəstə üzvləri, paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış Massivində yerləşən nömrəsiz fərdi yaşayış evindən quldurluq etməyə qərar veriblər. 

Belə ki, onlar 12 avqust 2024-cü il tarixdə, saat 03 radələrində özləri ilə gətirdikləri göz yerləri kəsilmiş qara rəngli maska-idman papağını və əlcəkləri geyinərək, hasardan aşıb evin həyətinə qanunsuz daxil olublar. 

Ev yiyəsi Elnur Rüstəmov işıq söndüyü üçün sayğaca baxmaq məqsədi ilə evdən qapını açıb həyətə çıxmaq istəyən zaman dəstə üzvləri ilə qarşılaşıb. 

Onlar əlində olan silah qismində istifadə edilən, pnevmatik tapançadan istifadə etməklə ev yiyəsinin yataq otağına keçməsini tələb ediblər. Dəstə üzvləri yataq otağında Elnur Rüstəmov və onun arvadı Aygün İsayevadan nəğd pul və dəyərli əşyalar istəyib. Elnur Rüstəmov 1 manat nəğd pul və plastik bank kartında 57 manat pulu, Aygün İsayeva isə nişan üzüyünü onlara təklif etsələr də, onlar həmin təklifi qəbul etməyib. 

Onlar evdən heç bir dəyərli əşya və ya nəğd pul çıxmayacağı qənaətinə gələrək, oradan uzaqlaşıblar. 

Dəstə üzvləri təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş prospektində yerləşən Rauf Ağayevə məxsus “Göytəpə” inşaat mağazasından oğurluq etməyə qərar veriblər. 

Onlar 25 avqust 2025-ci il tarixdə, saat 03 radələrində nəfəslikdən mağazaya qanunsuz daxil olub arxa qapını içəridən açaraq mağazaya daxil olublar. 

Onlar piştaxtanın altındakı içərisində 2100 manat nəğd pul olan üzərində “Nbam” sözü yazılan 1 ədəd 300 manat dəyərində dəmir seyf və seyfin qapısını qırmaq məqsədi ilə mağazadan 1 ədəd 37 manat dəyərində 4 kiloqram çəkidə kvalt götürməklə, mağaza sahibinə ümumilikdə 2 min 437 manat zərər vurmaqla oğurluq ediblər. 

Bununla da, Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirvanzadəyə qarşı Cinayət Məcəlləsinin 29, 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluğa cəhd), 177.2.2-ci 177.2.3 (təkrar oğurluq və (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.1-ci  (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5- ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu