Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin, müavinlərinin, Aparatın şöbə və sektor müdirlərinin, rayonun səhiyyə müəssisələrinin baş həkimlərinin iştirakı ilə akademikin və Ulu Öndər Heydər Əliyevin məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib. 

"Unikal" xəbər verir ki, eyni zamanda, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət göstərən Xatirə muzeyi ziyarət edilib. Mərkəzin baş həkimi Aygün Məmmədbəyli və Zərifə xanımın tələbəsi olmuş, tibb üzrə fəlsəfə doktoru Nübar Haşımova Xatirə muzeyində akademikin həyat və fəaliyyətini əks etdirən eksponatlar, elmi əsərləri, şəxsi əşyaları və fotoşəkilləri haqqında ətraflı məlumat veriblər. Ziyarət zamanı görkəmli alimin Azərbaycan tibb elminin inkişafına verdiyi misilsiz töhfələrdən, oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən bəhs olunub. Bildirilib ki, Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də Azərbaycan səhiyyəsinin inkişafına öz töhfəsini verməkdədir. Daha sonra Mərkəzin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Həmçinin, Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, görkəmli alim Zərifə xanım Əliyeva oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərlə yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da böyük nüfuz qazanıb. Zərifə Əliyevanın zəngin elmi irsinin bu gün də aktual olduğunu diqqətə çatdıran RİH başçısı akademikin yüksək insani keyfiyyətlərini vurğulayaraq, onun xeyirxahlıq, qayğıkeşlik və peşəkarlıq kimi xüsusiyyətlərinin hər zaman ehtiramla xatırlandığını diqqətə çatdırıb.