Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Çaylı kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lexus” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 1993-cü il təvəllüdlü Rüstəmova Aytac Faiq qızının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 

***

20:01

Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, F.Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.

Araşdırma aparılır.

***

19:07

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

Belə ki, toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarından aşıb və su kanalına düşüb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.