Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bu gün saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən baş verən partlayışla bağlı həmin ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə 3 kişi Yanıq Mərkəzinə hospitalizasiya olunub.
*** 17:27
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
