ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Rusiya ilə ticarət əlaqələri saxlayan ölkələrə qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi üzərində işlədiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat dərc edib. 

Qanun layihəsini tam dəstəklədiyini bildirən Tramp, "Bu, mənim üçün tamamilə yaxşıdır. Əslində, bu ideyanı mən təklif etmişəm" - deyib.

Daha əvvəl Türkiyə başda olmaqla NATO ölkələrinə Rusiya ilə əməkdaşlıqdan imtina etmək üçün təzyiq edən Tramp bu dəfə addım atmağa hazırlaşır. Respublikaçıların təklifinin Moskva ilə iqtisadi əlaqələri kəsməyən ölkələri hədəf aldığını qeyd edən Tramp, "Rusiya ilə iş görən hər bir ölkə çox ağır sanksiyalarla üzləşəcək", - deyə ifadə edib. 

O, İranın da sanksiyaların əhatə dairəsinə əlavə oluna biləcəyini vurğulayıb. 

Qanun layihəsi Rusiya ilə əməkdaşlıq edən ölkələrə, xüsusilə enerji, müdafiə və maliyyə sahələrində birbaşa təsir edəcək. İranın bu siyahıya salınması ehtimalı Vaşinqtonun xarici siyasətində gərginliyi artıracaq yeni mövzu kimi qiymətləndirilir.  Sanksiya qanun layihəsinin yaxın günlərdə Konqresə çıxarılacağı gözlənilir.

Gülayə Mecid