Bu gün səhər saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verən qəzada ölən şəxslərin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki hadisə nəticəsində “Kamaz” və “Qazel” markalı yük avtomobilləri toqquşub.

Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini 38 yaşlı Rauf Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

XXX

08:55

Bakı–Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə,  qəza mişar daşı daşıyan qoşqulu “KamAZ” markalı yük maşını ilə balıq daşıyan digər yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə Ağdaş və Yevlax rayonlarının inzibati sərhədlərinin yaxınlığında qeydə alınıb. Güclü zərbənin təsirindən balıqlar yola və ətraf əraziyə səpələnib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və maşında sıxılmış vəziyyətdə qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılır. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ağır yaralananlar var.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov