"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti dini, mədəni müxtəlifliyi qorumaqla, həm də ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaratmışdır. Bu siyasət müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayışını təmin etmək üçün sosial və mənəvi məsuliyyətin sərhədlərini dəqiq müəyyən edir".

"Unikal" xəbər verir ki, bunu "Müasir din təhsili modeli: Mənəvi dəyərlər qlobal çağırışlar kontekstində" keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

 Komitə sədri vurğulayıb ki, sürətlə dəyişən müasir dünyamızda elmi-texnoloji inkişaf, qloballaşma, informasiya axını, mədəniyyətlərarası əlaqələrin dərinləşməsi yeni fürsətlər yaradır.

"Lakin bu dəyişikliklər həm də müəyyən mənada xalqların ənənəvi dəyərlər sisteminə təsir göstərir. Biz indi çox konkret və olduqca vacib bir suala cavab axtarırıq: mənəvi irsə, ənənələrə, dəyərlərə toxunmadan yeni reallıqlara uyğunlaşmaq mümkündürmü? Bu sualın cavabı bizə həm də mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində müasir dini təhsil modelləri barədə aydın təsəvvür əldə etməyə imkan yarada bilər. Bu təsəvvürləri dəqiqləşdirmək üçün başqa bir suala da cavab axtarmaq zərurəti meydana çıxır: müasir dünyanın hansı dini təhsil modelinə ehtiyacı var? Biz elə bir model tapmalıyıq ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin qorunmasını, multikultural və tolerantlıq ənənələrinin təşviqini, gənclərin yeni çağırışlar və reallıqlara uyğun yetişdirilməsini təmin edə bilsin.  İctimai münasibətlər sisteminin çox vacib elementlərindən biri kimi çıxış edən dövlət-din münasibətləri fonunda dini təhsilin institusional əsaslarının qurulması ənənəvi dini biliklərin tədrisində rəqəmsal texnologiyalar, süni intellekt, innovativ təhsil metodları kimi vacib alətləri tətbiq etmək məcburiyyəti doğurur.  Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm bir alətdir. Rəqəmsal texnologiyalar əsrində biz şəxsiyyətin formalaşdırılması, ictimai inteqrasiya, sosial məsuliyyət və qlobal dialoqun əsas vasitələrindən biri kimi çıxış edən dini təhsil modeli qurmağa can atırıq".

Ramin Məmmədov çıxışında qeyd edib ki, din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri, ənənələri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır:

"Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xəttin üzərində qurulmuş yeni bir model lazımdır. Bu model mənəvi dəyərlərin qorunması, sosial inteqrasiya və qlobal dialoqa hazırlıq kimi strateji vəzifələrin uğurla həyata keçirilməsində həlledici rol oynaya bilər. Çünki rəqəmsal texnologiyalar, mənəvi dəyərlər, qlobal çağırışlar, multikulturalizm, dini radikalizm kimi sosial-psixoloji amilləri nəzərə almadan uğurlu dini təhsil modeli yaratmaq mümkünsüz görünür. Bu gün dünyada müxtəlif dini təhsil modelləri tətbiq olunur və onların hər birinin öz üstünlükləri və məhdudiyyətləri var. İslam dünyası mənəvi dərinliyi ilə, Qərb isə metodoloji strukturu ilə fərqlənir. Bu iki təcrübənin sintezi, qlobal səviyyədə inklüziv, lakin mənəvi əsaslara sadiq modelin yaradılmasına imkan verir".